Dünən Project Hail Maryyə baxdım. Bəzi nöqsanları bir qırağa, ümumilikdə xoşuma gəldi. Əslində nə vaxtdır əsaslandığı kitabı oxumaq istəyirdim. Hələ də planda qalır, çünki mənə elə gəldi, ssenaridə kitabın bir sıra maraqlı hissələri ixtisar olunub.
Səhv etmirəmsə, kitab qatı elmi-fantastika janrındadır. Yəni elmi-texniki məsələlərin xırdalığına getməkdən çəkinmir. Kinoda isə yadplanetli ilə ünsiyyət məsələsinin üstündən ötəri keçilib. Kuaynın radikal tərcümə tezisindən xəbəri olanlar gərək hövsələlərini basıb baxsınlar. Bu cəhətdən kino Arrival ilə müqayisədə maraqsızdır. Eləcə də fəzada mühəndislik məsələləri, ulduzyeyən mikroorqanizmlərin biologiyası atılıb ikinci plana. Mövzu olub dünyanı xilas etmək fonunda Dr. Qreys və yadplanetli Rokki arasında sentimental dostluq. Onsuz aralarındaki əsas fərq də biolojidir. Yoxsa gətir Rokkini qoy Kolorado ştatında istənilən şəhərə, diyirlənib gedəcək.
Bir digər nöqsan da Deadpool tərzində arasıkəsilməz şit yumordur. Hardasa hər söz replika olmalıdır, hər məqam zarafatla sulandırılmalıdır. Aydındır, o tipdə yadplanetli ilə təmas zarafat qayırmaq üçün bərəkətli zəmindir, amma bu qədər ağını çıxarmasalar da olardı. Ümidvaram kitabda vəziyyət belə deyil.
Başrollarda Rayan Qoslinq və Sandra Hüller uğurlu idi. Səhnə tərtibatını, Rokki obrazı üçün CGI-sız əsl kukla işlədilməsini kinonun texniki müsbətlərindən sayıram.
Eridiyalıların (Rokkinin irqi) elektromaqnitizm və nisbilik barədə sistemli nəzəri bilikləri olmamasına baxmayaraq, mühəndislikdə xeyli qabağa getməkləri maraqlı gəldi. Bəlkə də mümkündür. Buxar maşını da hələ termodinamikanın əsaslarının müəyyən olmadığı bir vaxtda ixtira olunmuşdu.